Balakəndə “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib

Balakəndə “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib
Listen button

Balakən Rayon Mərkəzi Uşaq Kitabxanasında “Nağıl dünyasına səyahət” adlı sosial-mədəni tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən maliyyələşdirilən və “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən Balakən rayonu üzrə icra olunan “Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində təşkil edilib. 
Tədbirin əsas məqsədi reabilitasiya xidmətlərindən yararlanan uşaqların sosiallaşmasına, yaradıcı bacarıqlarının inkişafına, özlərini sərbəst ifadə etmələrinə və ictimai-mədəni fəaliyyətlərdə iştiraklarının təşviqinə şərait yaratmaq olub. Layihə çərçivəsində də uşaqların ünsiyyət, əməkdaşlıq və sosial bacarıqlarının inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. 
Tədbir zamanı “Günəş” nağılı reabilitasiya mərkəzinin benefisiarları və mərkəzin təlimçilərinin iştirakı ilə səhnələşdirilib. Uşaqlar və təlimçilər nağıl personajlarının kostyumlarında çıxış edərək müxtəlif obrazları canlandırıblar. Rəngarəng səhnə təqdimatı uşaqların böyük marağına səbəb olmaqla yanaşı, onların yaradıcı potensialını nümayiş etdirmələrinə və kollektiv fəaliyyətə qoşulmalarına imkan yaradıb.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin Balakən rayon üzrə nümayəndəsi, Balakən Rayon Mərkəzi Kitabxanasının və Mərkəzi Uşaq Kitabxanasının nümayəndələri, eləcə də benefisiar uşaqların valideynləri iştirak ediblər.
Tədbirin sonunda uşaqların, valideynlərin, mütəxəssislərin və digər iştirakçıların qarşılıqlı ünsiyyətinin və sosiallaşmasının təşviqi məqsədilə çay süfrəsi təşkil olunub. Səmimi mühitdə keçən görüş zamanı maraqlı fikir mübadiləsi və müzakirələr aparılıb, valideynlər və mütəxəssislər uşaqların sosiallaşması, inkişafı və reabilitasiya prosesində birgə fəaliyyətin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
“Nağıl dünyasına səyahət” tədbiri uşaqların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosial inteqrasiyasının, ünsiyyət və kollektiv fəaliyyət bacarıqlarının gücləndirilməsinə xidmət edib. Layihənin əsas məqsədi Balakən rayonunda əlilliyi olan uşaq və yeniyetmələr üçün əlçatan və davamlı sosial reabilitasiya xidmətlərinin göstərilməsi, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.